Əli ibn əl-Əsirin yazdığı “Əl-Kamil fi-t Tarix” İslam tarixçiliyində ən mühüm əsərlərdən sayılır.
Onüçüncü əsrdə yazılmış bu çoxcildlik əsərdə Azərbaycan sərkərdəsi Babək Xürrəmi haqda da yetərincə məlumat verilir.
*****
30 MILYON DIRHƏM
Bəzz qalasının necə alındığını detallarıyla təsvir edən ibn əl-Əsir yazır ki, İslam xəlifəsi Mötəsim Azin ləqəbli Babək Xürrəmi ilə müharibəyə 30 milyon dirhəm ayırır.
Bu işi İslamı qəbul etmiş zərdüşti sərkərdəsi Əfşinə həvalə edir.
836-cı ilin yazında Əfşinin qoşunları Kələnrud deyilən yerə gəlib çatır. Bu, Bəzz qalasının təxminən 20 kilometrliyində idi.
Qeyd edək ki, əldə olan tarixi mənbələr Bəzz qalasının məhz harda yerləşdiyinə aydınlıq gətirmir. Bəzi tarixçilər qalanın İran Azərbaycanının Qaradağ bölgəsində, bəziləri isə bu günkü Azərbaycan Respublikasının Aran bölgəsində yerləşdiyini güman edirlər. İbn əl-Əsirin kitabındakı Kələnrudun da harada yerləşdiyi bəlli deyil.
Xəlifənin digər sərkərdəsi Əbu Səid də qoşunlarını Kələnruda gətirir. Müsəlman ordusunun Bəzzə yaxınlaşdığını Babəkə çatdırırlar. Sərkərdələri ona məsləhət görürlər ki, ailə üzvlərini başqa qalalara göndərib gizlətsin. Babək buna “Mən cəhudlardan qorxmuram” cavabı verərək imtina edir (Azərbaycan və İranda zərdüştilikdən dönüb müsəlman olanlara belə deyirdilər).
ADDIM-ADDIM…
İbn əl-Əsir yazır ki, Əfşin Bəzz qalasına hücum etməyə tələsmir. Bunu ona xəlifə də məsləhət görübmüş. Səbəb də o idi ki, Bəzzin yerləşdiyi dağlıq ərazi pusqu qurmaq üçün çox əlverişli idi və xilafət ordusu həmin ərazini beş barmağı kimi tanıyan Babəkin tərəfdarlarından çəkinirdi.
Xilafət ordusu az qala addım-addım irəliləyir. O qədər ləng hərəkət edir ki, əsgərlər bu cür ehtiyatkarlıqdan utandıqlarını dilə gətirirlər.
Əfşin Kələnrud ətrafında səngərlər qazdırır, ətrafdakı dağların başına öz adamlarını yerləşdirir. Onlara qara bayraq verir ki, Babəkin əsgərlərini görsələr, dərhal bayrağı yelləsinlər.
Əfşin qalanın ətrafındakı əraziləri öyrənmək üçün kəşfiyyatçı dəstəsi də yollayır. Elə Babək tərəfdarları ilə müsəlman əsgərləri arasında ilk toqquşma da bu zaman baş verir. Qalaya aparan dar bir yoldan keçən müsəlman əsgərləri xeyli adamı, o cümlədən Babəkin bir neçə yaxınını əsir alırlar. Amma Bəzz qalasından köməyə gələnlər döyüşə-döyüşə bir neçə qadın əsiri azad edə bilirlər. Hər iki tərəf itkilər verir.
“MƏN QARDAŞIMIN NƏ DEMƏK İSTƏDİYİNİ ANLADIM”
Əfşin dağa aparan və ordan gələn yolların hamısını dağıdaraq birini saxlamağı əmr edir. Bu, söküntü-dağıntı işlərinə fəhlələr cəlb edilir.
İbn əl-Əsir yazır ki, fəhlələrə quru çörək və quyq (unla şəkərdən hazırlanan yemək) verilirmiş. Bu iş 10 gün davam edir. Bu məqamda Babəkdən elçi gəlir. Əfşinin hüzuruna gətirilən elçinin özüylə müxtəlif tərəvəzlər, xiyar, qarpız, yemiş gətirdiyi məlum olur.
Elçi Babəkin sözlərini də Əfşinə çatdırır: “Babək fəhlələrin quru çörək yeməyə məcbur olmasından narahatdır, deyir, bu düz deyil ki, onların o halında biz burda rifah içində yaşayaq”.
Əfşin sovqatı qəbul edərək elçiyə deyir: “Mən qardaşımın nə demək istədiyini anladım”.
Bu yerdə qeyd edək ki, o zaman Azərbaycan və İran ərazilərində 3 nüfuzlu sərkərdə vardı: Əfşin, Mazyar və Babək. Onlar arasında yaxşı münasibətlər vardı. Amma Əfşin və Mazyar müsəlmanlığı qəbul edib xilafətə tabe olsalar da, Babək bundan imtina etmişdi. Bəziləri düşünür ki, Əfşinin Bəzz qalasına hücumu mümkün qədər yubatması təkcə onun ehtiyatkarlığı ilə bağlı deyildi, həm də Babəklə döyüşə girmək istəməməsi, onu xilafətlə dil tapmağa vadar etməyə çalışması ilə bağlı idi.
İbn əl-Əsir yazır ki, sovqatı qəbul edəndən sonra Əfşin elçini aparıb, qazdırdığı səngərləri göstərir. Və deyir ki, gördüklərini gedib Babəkə çatdırsın.
Bundan əvvəlki il də Bəzzə gələn, amma müharibəsiz geri qayıdan Əfşin bununla vəziyyətin bu dəfə ciddi olduğunu Babəkə çatdırmaq istəyir. Bu arada Babəkin tərəfdarları Əfşinin düşərgəsi ətrafında hay-küy salır, küfr edirlər. Amma Əfşin əsgərlərini onlara hücum etməyə qoymur. Bu hay-küy 3 gün davam edir. 3 gündən sonra Əfşinin əmri ilə əsgərlər həmin adamlara həmlə edir və onlar qaçıb dağılışırlar.
ŞƏRAB VƏ ZURNA
Nəhayət Əfşin Bəzzə hücum etməyə qərar verir.
İbn əl-Əsir yazır ki, o, qoşunlarını cərgəyə düzüb təftiş edir. Bundan sonra iki rükət namaz qılır. Şeypurların sədası altında ordu hərəkətə gəlir. Əfşin bölmələrindən birini ehtiyat tədbiri kimi düşərgədə saxlayır.
Ordu çox ləng hərəkət edir. Dağların başındakı qara bayraqlılar enib Əfşinə məlumat çatdıran zaman ordu dayanır, şeypurlar susur, sonra yenə çalınır, əsgərlər yollarına davam edirlər. Amma Əfşinin ordusu Babəki açıq ərazidə tapa bilmir.
O, dağ-dərəni axtarmaq üçün bir neçə dəstə ayırır. Babək öz qoşunlarının əsas hissələrini qala ətrafında gizlətmişdi. Özü isə bir bölmə ilə Bəzzin yaxınlığında açıqlıqda idi. Əfşinin ordusu da gəlib həmin bölmə ilə rastlaşır. İbn əl-Əsir yazır ki, Babək öz adamları ilə şərab içir, zurnalar çalınırmış. Əfşin döyüşə girmir. Düşmən əsgərlər bir müddət üz-üzə dayanandan sonra Əfşin Cəfər Xəyyat adlı sərkərdənin rəhbərliyində bir bölməni orda qoyub geri qayıdır.
Əfşinin döyüşdən yayındığını görən Babək tərəfdarları ilk həmləni özləri endirmək qərarına gəlirlər. Bəzzin qapıları açılır və Cəfər Xəyyatın bölməsi ilə döyüş başlanır. İbn əl-Əsir yazır ki, müsəlman əsgərlərinin köməyinə könüllü mücahid dəstəsi də gəlir. Tədricən Babək tərəfdarları geri oturdulur. Müsəlmanlar qalanın darvazalarını, divarını dağıtmağa çalışırlar. Cəfər Xəyyat Əfşinə xəbər yollayır ki, ona 50 oxçu göndərsin. Əfşin qəzəblənir ki, Cəfər Xəyyat onun “hücum etmə!” əmrini niyə pozub. Xəbər yollayır ki, Cəfər Xəyyat hücumu dayandırıb geri qayıtsın.
Bu xəbər qalaya girməyə çalışan müsəlmanlara çatanda narazılıq yaranır. Xüsusən də könüllü mücahidlər əmrə tabe olmayıb qala divarlarına dırmaşmağa başlayırlar. Babəkin müxtəlif yerlərdə gizlətdiyi qoşun hissələri genişmiqyaslı müharibənin başlandığını düşünüb yerlərindən çıxır və qaladakıların köməyinə tələsirlər. Beləcə yerlərini bildirmiş olurlar.
PEYĞƏMBƏRİ YUXUDA GÖRƏN MÜCAHİD
Cəfər Xəyyatın dəstəsi ilə mücahidlər geri çəkilib Əfşinin yanına dönürlər. Mücahidlər öz narazılıqlarını Əfşinə də bildirirlər. Deyirlər ki, kömək gəlsəydi, qalanı alacaqdılar.
Əfşinə onu da çatdırırlar ki, mücahidlərdən biri yuxuda peyğəmbəri gördüyünü deyir. Guya peyğəmbər ona deyib ki, qoy Əfşin müharibəyə başlasın, başlamasa, dağlara deyəcəm, onu daş-qalaq etsin.
Əfşin həmin adamı yanına çağırtdırıb yuxusunu bir də danışdırır. Sonra deyir ki, “Allah şahiddir ki, mən insanların həyatını qorumağa məsulam, allah kimisə daş-qalaq etmək əmri versə, elə kafirləri daş-qalaq edər ki, biz də onların şərindən qurtulaq”. Əfşin mücahidləri əmin edir ki, məqsədi ordusunun nahaq yerə itki verməsinin qarşısını almaqdır, ona görə ehtiyatlı tərpənir. İndi ki mücahidlər hücumun başlanmasını bu qədər arzulayırlar, onda qoy hücum gününü təyin etsinlər.
Beləcə ordu hücuma hazırlaşmağa başlayır.
Öndə yenə Cəfər Xəyyatın bölməsi gedir. Onlar qalanın darvazasına çatır və darvazanı dağıdıb içəri keçməyə çalışırlar. Əfşin ön cərgələrdə döyüşənlər arasında paylanılması üçün dinar-dirhəm də göndərir ki, onları ruhlandırsın. Amma Babəkin əsgərləri qaladan çıxıb Cəfər Xəyyata zərbələr endirir və onu geri çəkilməyə məcbur edirlər.
Müsəlmanlar qatırlarla yaralıları döyüş meydanından çıxarırlar. İlk hücum uğursuz olur.
İki həftədən sonra daha böyük hücum olacaqdı…
İbn əl-Əsir yazır ki, birinci uğursuz həmlədən 2 həftə sonra Əfşin Bəzzə yenidən hücum qərarı verir.
Gecəylə 100 oxçunu səfərbər edib dağ başındakı Bəzz qalasına tərəf göndərir. Onlar səhərə yaxın Bəzzə yaxınlaşıb bir təpənin arxasında qərar tuturlar.Əfşinin onlara əmri bu idi ki, yerlərini bilindirməsinlər.
BƏZZƏ HÜCUMUN ÖNÜNDƏ TÜRK BƏŞİR GEDİRDİ
Oxçular gedəndən bir qədər sonra Əfşin də qalan əsgərləri ilə birlikdə qalaya tərəf yol alır. Onlar Bəzdən bir qədər aralıda dayanırlar. İbn əl-Əsir yazır ki, Əfşin “Türk Bəşir və digər Fərqanə sərkərdələrinə əmr edir ki, onlar da yamacla yuxarı qalxsınlar”.
Babək hücumdan xəbərdar idi.
Səhərə yaxın müsəlman əsgərləri namaz qılıb şeypur çalırlar. Əfşin də atına minib qala ətrafındakı mövqelərinə gəlir və burada taxt üstündə əyləşir. O, əsgərlərinə qalanı mühasirəyə almaq əmri verir.
BABƏKİN PUSQUSU
Qala mühasirəyə alınan vaxt qəfildən yamacda vurhavur düşür. Məlum olur ki, Babəkin tərəfdarları Türk Bəşirə və başqa Fərqanə sərkərdələrinə pusqu quraraq qəfil hucum ediblər.
Dağın başındakı müsəlman əsgərləri aşağı enib Türk Bəşirə köməyə getmək istəyəndə Əfşin onlara yerlərindən tərpənməmək əmri verir. Bu vaxt Bəzz qalasından daha bir dəstə çıxıb müsəlman əsgərlərinə hücuma keçir.
Bu toqquşma zamanı Əfşinin əsgərləri həmin dəstəni yamac aşağı sıxışdırmağa başlayırlar. Amma bir qədər sonra, dəstəni qovan əsgərlərin atlarının ayaqları çalalara düşməyə və süvarilər atdan yıxılmağa başlayır. Əfşin təcili həmin yerə kömək göndərir ki, o yerdə qazılan çalaları doldursunlar.
İbn əl-Əsir yazır ki, bu zaman Bəzz qalasından mancanaqla daş da atmağa başlayırlar. Babək özü də tərəfdarları ilə qaladan çıxıb Əfşinin əsgərlərinə tərəf hərəkət edir. Burada baş verən toqquşma müsəlman əsgərlərin Babəkin dəstəsini getdikcə mühasirəyə almasına aparır. Babək öz dəstəsiylə Əfşinin qərar tutduğu yerə o qədər yaxınlaşmışdı ki, onlar bir-birinin səsini də eşidə bilərdilər.
BABƏKİN ƏFŞİNDƏN AMAN DİLƏMƏSİ
İbn əl-Əsir yazır ki, məğlub vəziyyətə düşməkdə olduğunu görən Babək “Müsəlmanların rəhbərindən aman istəyirəm” qışqırır.
Əfşin də ona cavab verir ki, “Qadınlara aman verərəm. İstəsən, səni də əfv edərik”.
Onda Babək deyir ki, “indi səndən istəyim odur ki, bir qədər geri durasınız, mən ailəmi də götürüb hazır olum”.
Əfşinsə ona məsləhət görür ki, “bu gün təslim olması sabah təslim olmasından daha yaxşıdır”. Bundan başqa Əfşin ondan əsir götürdüyü müsəlmanları azad etməyi tələb edir.
Babək bu şərtə razı olduğunu deyir. Bundan sonra Əfşindən ətrafdakı dağlardan gözətçiləri endirməsini istəyir. Əfşin razılaşır. Amma bi qədər sonra xəbər gəlir ki, müsəlman əsgərləri artıq Bəzzə daxil olublar və oradakı 4 sarayın başına öz bayraqlarını sancıblar.
Babək döyüş meydanını tərk edib Bəzdən uzaqlaşır. Həştadsər (“Səksənbaşlı” deməkdir) qalasına üz tutur. Bəzdəki saraylarda Babəkin 600 əsgəri vardı. İbn əl-Əsir yazır ki, onların hamısı həlak olur, son adamına qədər qılıncdan keçirilir. Əfşinin neftəndazları (odatanları) sarayları yandırıb yerlə yeksan edirlər. Əfşin Babəkin arvadını və övladlarını əsir alır.
BƏZZ ALINANDAN SONRA
Əfşinin qoşunu Bəzz qalasını tərk edib düşərgəyə qayıdır. Gecəylə Babək başının dəstəsi ilə qalaya qayıdır ki, əlinə keçən ərzaqları aparsın. İbn əl-Əsir yazır ki, ertəsi gün Əfşin qalaya qayıdıb bircə bina, otaq da salamat qoymur, darmadağın edir. O, Ermənistan sərkərdələrinə məktub göndərir ki, Babək onlar tərəfə gəlir, görən kimi tutsunlar.
Əfşinin xəbərçiləri ona xəbər çatdırırlar ki, Babəkin dəstəsi bir dərədə gizlənib. Dərə başdan-başa ağaclıq və bataqlıq idi. İbn əl-Əsir yazır ki, “həmin dərənin bir tərəfi Azərbaycan, o biri tərəfi Ermənistan idi”. Əfşin həmin dərədən çıxan yollara gözətçi qoyur.
Bu zaman Əfşinə xəbər çatır ki, xəlifə Mötəsim Babəkin əfv olunmasına razılıq verib. Əfşin Babəkin bəzi tərəfdarlarını və oğlunu yanına gətizdirir. Onlardan bu xəbəri Babəkə çatdırmalarını istəyir. Amma onların heç biri Babəkin qorxusundan bu işə razı olmur. Əfşin deyir ki, Babək bu xəbərə sevinəcək. Onlar isə “Biz onu yaxşı tanıyırıq” deyib boyun qaçırırlar. Amma axırda iki nəfər ailələrinə aman veriləcəyi təminatıyla elçi kimi dərəyə enməyə razı olurlar.
MƏKTUBUN BABƏKƏ ÇATDIRILMASI
Babək xəbərdən agah olan kimi dərhal elçilərdən birini öldürtdürür. O birisinə isə deyir ki, məktubu aparıb Əfşinə qaytarsın. İbn əl-Əsir yazır ki, Babək oğluna da bu sözlərin çatdırılmasını istəyir: “O fahişə oğluna de ki, əgər sən mənim oğlum olsaydın, mənə qoşulardın. Mənim sən adda oğlum yoxdur. Bir gün yaşayıb yaxşı rəhbər olmaq 40 il alçalıb kölətək yaşamaqdan yaxşıdır”.
Babək dərədən çıxmır. Ta o vaxtacan ki, ərzağı tükənməyə başlayır. O, qardaşı Abdullah, anası və kölələri ilə birlikdə Ermənistana üz tutur. Gözətçilər bunu görür və Əfşinin əsgərləri tanımadıqları həmin adamların dalınca düşürlər. Gəlib çatanda onların yemək yediyini görürlər. İbn əl-Əsirin yazdığına görə, Babək qardaşı və bir köləsi ilə qaçıb canını qurtarır. Əsir düşənləri isə əsgərlər Əfşinə göndərirlər. Babək Ermənistan dağlarında gizlənir.
Ermənistan sərkərdələri artıq Əfşindən məktub almışdılar və öz adamlarına yerli əhalidən olmayan şəxslər haqda məlumatı dərhal onlara çatdırmağı əmr etmişdilər.
SƏHLİN BABƏKİ ALDATMASI
Ərzağı qurtaran Babək köləsinə deyir ki, dağdan ensin və neçəyə olsa, yeməyə bir şey alıb gətirsin. Kölə bir əkinçi görüb ona yaxınlaşır və söhbət etməyə başlayır.
İbn əl-Əsir yazır ki, həmin əkinçinin bir şəriki varmış, ondan ayrılıb yemək yeməyə gedibmiş. O qayıdanda bir nəfərin onun şərikiylə danışdığını görür və elə zənn ki, həmin adam onun şərikindən zorla nəsə qoparmaq istəyir. O, geri dönüb bu “mübahisə” haqda əsgərlərə xəbər verir və əsgərlər yerli camaatdan olmayan həmin adam haqda məlumatı Ermənistan sərkərdəsi Səhl ibn Sumbata çatdırırlar.
Səhlin özü kölənin olduğu yerə gəlir. Kölə Babəki müşayiət etdiyini deyir və onları Babəkin yanına aparır.
Səhl Babəki dərhal tanıyır. Atdan düşüb onun əlini öpür. Babəkdən hara getdiyini soruşur, Babək də Ruma getdiyini deyir. Səhl “mənim kimi sənin haqqını qoruyan olmaz. Bilirsən ki, mənim xəlifə ilə əlaqəm yoxdu” deyib onu öz sarayına dəvət edir. Babəkə onu da deyir ki, “Mənim bütün sərkərdələrim sənin öz ailən kimidir, burda sənin üçün çox uşaq dünyaya gətirilib”.
İbn əl-Əsir bu sözlərin nə demək olduğunu da qeyd edir. Yazır ki, Babək hansı Ermənistan sərkərdəsinin gözəl bacısı, yaxud qızı olduğunu eşitsəydi, elçi göndərib onu istəyər, özünə arvad edərdi. Razı olmayan sərkərdəninsə əmlakını talan etdirərdi.
Beləcə, Səhl Babəki aldadıb öz sarayına aparır. Babəkin qardaşı Abdullahı isə dincəlmək üçün Stefanus qalasına göndərir. Elə həmin gün Əfşinin yanına çapar yollayır ki, Babəkin onun sarayında olduğunu çatdırsın.
HƏDİYYƏLƏR…
Əfşin cavab yazaraq Səhlə hədiyyələr vəd etdi. Öz sərkərdələri Burmarə və Əbu Səidi Səhlin yanına göndərir. Onlar, İbn əl-Əsirin yazdığına görə, Van dərəsi yaxınlığında düşərgə salırlar.
Səhl isə Babəkə təklif edir ki, darıxırsa, bir yerdə ova çıxa bilərlər.
Onlar atlarını minib Əfşinin sərkərdələri olan tərəflərə ova çıxırlar. Qəfildən Əbu Səid və Burmarə onların qarşısında peyda olur. Hər ikisini tuturlar.
Babək onlardan kim olduqlarını soruşur. Onlar da özlərini təqdim edirlər. Babək aldadıldığını anlayıb Səhli söyməyə başlayır, “məni bir miqdar pula bir ovuc yəhuda (zərdüştilikdən dönüb müsəlman olanlara İran və Azərbaycanda belə deyirdilər – OxuZalı) satdın. Pul istəyirdinsə, mən sənə daha çox verərdim” deyir.
Babəki Əfşinin hüzuruna gətirirlər. Onu atdan düşürüb Əfşinin iki cərgəyə düzdürdüyü əsgərlərin arasından keçirirlər və bir otağa salıb ağzını bağlayırlar.
Səhl ibn-Sumbat Babəklə birlikdə Əfşinin yanına oğlu Müaviyəni də göndərmişdi. Ə
fşin on 100 min dirhəm, atası Səhlə isə 1 milyon dirhəm, eləcə də üstü cəvahirlə bəzədilmiş kəmər hədiyyə edir. Əfşin İsa bin Yunis bin Stefanusa da xəbər yollayır ki, Abdullahı həbs edib onun yanına göndərsin…
Babək və qardaşı Abdullahı əsir alandan sonra xilafət ordusunun komandanı Əfşin onları Samirə şəhərində xəlifə Mötəsimə təhvil vermək üçün yola çıxır.
İbn əl-Əsir yazır ki, xəlifə bu qələbəyə o qədər sevinirdi ki, hörmət əlaməti olaraq hər gün Əfşinə bir at və bir dəst paltar göndərirdi. (Dəyişək üçün) Əfşin şəhərə çatana yaxın isə xəlifə oğlunu və başqa qohum-əqrabasını onu qarşılamağa göndərir.
Xəlifə Əfşini qəbul edərək ona ləl-cəvahiratla bəzədilmiş iki kəmər bağışlayır. Bundan başqa özünə 20 milyon, ordusuna isə 10 milyon dirhəm hədiyyə edir. Sind bölgəsinin valililiyini də ona verir. Saraydakılar isə Əfşini vəsf edən çıxışlar edirlər.
Əfşin Babəki öz sarayında saxlayır. İbn əl-Əsir yazır ki, xəlifə Mötəsim də paltarını dəyişərək və kimliyini gizlədərək Babəkin yanına gəlib və onunla söhbət edib.
Nəhayət edam üçün xüsusi mərasim düzənlənir. Hamının baxması üçün. Babəki əl-ayağı bağlı vəziyyətdə filə mindirib Əfşinin evindən xəlifənin sarayına aparırlar. İnsanlar ona tamaşa etmək üçün yol kənarına düzülür.
İbn əl-Əsir yazır ki, vəzir Ibn Ziyad bu mərasimlə bağlı şeir də deyir. Şeirin məzmunu belə idi ki, “Xorasan şeytanını filə mindiriblər. Baxın, adi vaxtlarda fili yalnız bəzəyərlər, amma bu dəfə onun həm də dərisini boyayıblar.”
Fil saraya çatanda xəlifə cəllada əmr edir ki, Babəki fildən düşürüb onun qarşısına gətirsin, əl-ayağını açsın. Əl-ayağını açandan sonra Babək təqətsiz halda yerə yıxılır. Daha sonra xəlifə cəllada əmr edir ki, Babəkin boynunu vursun, qarnını da yarsın.Cəllad hamının gözü qarşısında belə də edir.
İbn əl-Əsirin yazdığına görə, xəlifənin əmri ilə Babəkin başı Xorasana göndərilir, başsız bədəni isə çarmıxa çəkilir. Babəkin qardaşını isə Bağdada göndərirlər. Bağdad hakimi, xəlifənin əmri ilə, Babək necə edam edilibsə, Abdullahı da elə edam edir. Başsız meyiti Bağdadda “iki körpü arasında” çarmıxa çəkilir.
“Əl-Kamil fi-t Tarix” kitabının Babəklə bağlı bölümünün sonunda bəzi rəqəmlər də yer alır. İbn əl-Əsirin yazdığına görə, Əfşinin rəhbərliyi ilə Babəkin üstünə göndərilmiş xilafət ordusuna hərəkətdə olduğu hər gün üçün 10 min dirhəm verilirmiş (ərzaq və atların yemi xaric). Hərəkət etməyən günlərdə isə 5 min. Ərəb tarixçisinin yazdığına görə, 21 il ərzində Babəkin öldürdüyü insanların sayı 255 min olub. Sonda Babək ordusundan 3309 nəfər əsir götürülüb. Babəkin əsir saxladığı 7600 nəfər müsəlman qadın-uşaq azad edilib. Babəkin ailəsindən olan 17 kişi və 23 qadın-qız əsir alınıb.
SON
(Birinci defe Azadlıq Radıosunun saytında neşr olunmuşdur)